MASALLIDA RUS DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN SEMİNAR-TRENİNQ KEÇİRİLİR
Masallı, 15 iyul (AZƏRTAC). Yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın təşəbbüsü, “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin, Rusiya-İnformasiya Mərkəzinin və Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Masallı şəhərindəki Heydər Əliyev muzeyində rayonun rus dili müəllimləri üçün bu fənnin tədrisi metodikasının əsas istiqamətlərinə həsr olunmuş seminar-treninq başlanmışdır.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon təhsil şöbəsinin müdiri Nurəddin Məlikov seminar-treninqin ümumtəhsil məktəblərində rus dili fənninin tədrisinə öz müsbət təsirini göstərəcəyinə əminliyini bildirmişdir.
Təlim məşğələsində Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi, filologiya elmləri doktoru, professor Ənvər Şeyxov çıxış edərək tədbirin bu ilin mayında Masallıda keçirilən seminarın davamı olduğunu vurğulamışdır. O, Avropa İttifaqına daxil olan ölkələr üçün rus dilinin tədrisi ilə bağlı Rusiya Xalqlar Dostluğu Universitetinin kafedra müdiri Vladimir Sinyaçkin tərəfindən metodiki vəsaitin hazırlandığını və rusiyalı alimin məhz bu məsələyə dair mühazirə ilə çıxış etmək üçün Masallı rayonuna dəvət olunduğunu bildirmişdir.
Seminar-treninqin birinci günü keçirilən “dəyirmi masa”da Vladimir Sinyaçkin müasir mərhələdə rus dili fənninin tədrisi metodikasının əsas istiqamətləri barədə məlumat vermişdir.
Təlim məşğələsində çıxış edən Masallı rayonunun rus dili müəllimləri bu dilin tədrisində qazandıqları təcrübədən və üzləşdikləri çətinliklərdən danışmış, rus dilinin metodikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bildirmişlər.
Üç gün davam edəcək seminar-treninqin sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.
######
