Masallıda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkar olunub
Bakı, 21 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Masallı rayonunun Çaxırlı kəndində fiziki şəxs Bağırov Rüfət Ramiz oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar edilib. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub. Antisanitar vəziyyətdə heç bir normativ sənədin tələblərinə cavab verməyən müəssisədə istehlak üçün yararsız 400 litr süd, 30 kiloqram qaymaq, 20 kiloqram pendir qanunvericiliyə uyğun olaraq məhv edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisədə süd məhsullarının istehsalının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.