Məhkum valideynlər övladları ilə görüşdülər VİDEO
Naxçıvan, 1 iyun, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə övladlarının görüşü təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov uşaqları bayram münasibətilə təbrik ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib, musiqi nömrələri səsləndirilib. Tədbirin əsas iştirakçıları olan uşaqlar xoş və unudulmaz anlar yaşayıblar.
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
Tədbirin keçirilməsində əsas məqsəd məhkum valideynlərlə uşaqlar arasında ailə bağlarının möhkəmləndirilməsi, uşaqlara bayram sevinci yaşadılması və onların mənəvi-psixoloji dəstəklənməsinə töhfə vermək olub.
Müxbir- Nail Əsgərov