Məktəblilər arasında keçirilən fizika müsabiqəsinin qalibləri müəyyənləşdirilib
Bakı, 26 noyabr, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən 8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək olan məktəblilərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqə təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqədə ümumtəhsil müəssisələrinin 8-9-cu siniflərində təhsil alan şagirdlərə 9-cu sinif proqramına uyğun suallar Azərbaycan və rus bölməsi üzrə təqdim olunub. Yekunda 18 nəfər qalib olmaqla 3 qızıl, 6 gümüş, 9 bürünc medalçı müəyyən edilib.
Tədbirdə Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin nümayəndələri, Naqif Nəbiyevin dostları və yaxınları iştirak edib, onun haqqında ürək sözlərini bildirib, eləcə də qalibləri təbrik edərək onlara gələcək müsabiqələrdə uğurlar arzulayıblar.
Qeyd edək ki, Naqif Nəbiyev Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti olmaqla yanaşı, ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrində də mühazirəçi kimi fəaliyyət göstərib. O, 2015-ci ildən respublika fənn olimpiadalarının fizika fənni üzrə münsiflər heyətinin sədri, eləcə də fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandasının rəhbəri olub. Həmin dövrdə məktəblilərimiz bir sıra uğurlara imza atıblar.
Xatırladaq ki, Bakı Dövlət Universiteti tədbirə ev sahibliyi edib. Təhsil İnstitutu isə müsabiqəni təşkil edib və mükafatçıları müəyyənləşdirib.