Məktəblilər arasında respublika şahmat festivalı
Bakı, 27 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən respublika şahmat festivalının ikinci mərhələsinə start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərindəki 12 nömrəli məktəbdə keçirilən festivala şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri qatılıb. Festivalın ikinci mərhələsində birinci mərhələdə - rayondaxili yarışlarda birinci yeri tutan komandalar iştirak edir. Ümumilikdə, 63 komanda üzrə 400-dək şagird final mərhələsində mübarizə aparacaq.
Festivalın şəxsi və komanda xarakterli final mərhələsində II-IV sinif şagirdlərindən ibarət 6 nəfərlik (3 oğlan və 3 qız) komandalar iştirak edir. Doqquz turdan ibarət olan final mərhələsinə mayın 2-də yekun vurulacaq.