Məktəblilər bu dəfə Novruz ənənələrini müzakirə ediblər
Bakı, 18 mart, AZƏRTAC
“Məktəblilər “Ədibin Evi”ndə” layihəsi çərçivəsində növbəti görüş Novruz ənənələri mövzusuna həsr olunub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 214 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, Novruz bayramının mərasim ənənələri və inancları ilə bağlı müzakirələr aparıblar.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olan Novruz barədə şagirdlərə ətraflı məlumat verib. Ş.Mehrəliyeva xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti və Novruz atributlarından bəhs edib. Bildirib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Ş.Mehrəliyeva bu il Novruz bayramının digər illərdən fərqli olaraq bütöv Azərbaycanda qeyd olunmasını xüsusilə vurğulayıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti sayəsində Novruz tonqallarımız işğaldan azad edilmiş bölgələrimizdə alovlanır.
Daha sonra Novruz bayramı və onun ənənələrini özündə tərənnüm edən bayatılar barədə danışılıb. Şagirdlər arasında Novruz bayatılarına həsr olunmuş yarış keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
“Məktəblilər “Ədibin Evi”ndə” layihəsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.