Mərakeş hökuməti əhalinin siyahıya alınması prosesində yeni texnologiyalardan istifadə edir
Rabat, Çüayib Bradda, 3 sentyabr, AZƏRTAC
Mərakeşdə əhalinin siyahıya alınmasına başlanılıb. Sentyabrın 30-dək davam edəcək bu prosesdə müasir texnologiyalardan istifadə olunur. Yeni mexanizmlərdən istifadə prosesin daha sürətli aparılmasına və məlumatın toplanılmasına kömək edəcək.
AZƏRTAC xəbər verir ki, Kasablanka-Settat bölgəsindəki Planlaşdırma üzrə Ali Komissiyanın regional direktoru Məhəmməd Əl-Qarfavinin verdiyi bəyanata əsasən, artıq müasir texnologiyalardan prosesin hər mərhələsində istifadə olunur. Siyahıyaalınmanı həyata keçirənlər ümumilikdə 11 min 600 elektron lövhə ilə təchiz olunublar. Onlar evlərə gedərək öz vəzifələrini icra edirlər.
Qeyd etmək lazımdır ki, rəqəmsallaşdırmadan siyahıyaalınmanın həyata keçirildiyi ərazilərin xəritələrinin qurulmasında da istifadə olunur.
Texnologiya vasitəsilə növbəti illərdə daha dəqiq təhlillər və statistika əldə etmək imkanı olacaq.