Mərakeşdə də Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Mərakeşdəki səfirliyi Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə Rabatdakı Aqdal Mədəniyyət Evində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Mərakeş rəsmiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, İSESKO-nun, Rabatda akkreditə olunmuş diplomatik korpusun, KİV və yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişlər.
Ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov Azərbaycan xalqının azadlıq mübarizəsi, müstəqillik yolunda qarşılaşdığı çətinliklər, erməni terrorçuları tərəfindən törədilmiş Xocalı qətliamının mahiyyətindən və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilməsindən danışmışdır.
Səfirliyin müşaviri İ.Əliyev də Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, problemin həlli istiqamətində Azərbaycan rəhbərliyinin göstərdiyi səylər haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.əl-Fəqiri, keçmiş SSRİ ali məktəb məzunları cəmiyyətinin sədri M.Lhbus, Mərakeş-Rusiya Dostluq Cəmiyyətinin sədri A.əl-Bəhravi çıxış edərək, Azərbaycana qarşı erməni təcavüzünü pisləmişlər.
Sonda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanda törədilmiş terror aktları, Xocalı faciəsindən bəhs edən “Erməni terroru” adlı sənədli film göstərilmişdir.
Qeyd edək ki, səfir S.Ağabəyov faciə ilə bağlı Mərakeşin Xəbərlər Agentliyinə, “Diplomatika”, “L`opinion”, “Əl-Harəkə”, “Əl-Aləm” qəzet və jurnallarına müsahibələr vermişdir.
Bundan əlavə, Mərakeşin Xarici İşlər və Əməkdaşlıq nazirliklərinə, bu ölkədə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq nümayəndəliklərinə Xocalı faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış məlumatlar göndərilmişdir.
######
