MƏRKƏZİ AFRİKA ÖLKƏLƏRİ BANKININ ƏMƏKDAŞLARI MİLLİ BANKDA OLMUŞLAR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, bu təşkilata Çad, Kamerun, Konqo, Mərkəzi Afrika Respublikası və Tanzaniya ölkələri daxildir.
Nümayəndə heyətinin tərkibinə Mərkəzi Afrika Ölkələri Bankının İdarə Heyəti sədrinin müavini Klement Muamba, ödəniş islahatları üzrə xüsusi missiyanın rəhbəri Kerdi Nodum və digər şəxslər daxildir.
Səfər müddətində xarici qonaqlar “AZİPS” Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi və “XÖHKS” – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin iş xüsusiyyətləri və prinsipləri ilə tanış olmuşlar. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu yaxınlarda başa çatmış Azərbaycanın Maliyyə Sektorunun Qiymətləndirilməsi (“FSAP”) Proqramı çərçivəsində Milli Bankda tətbiq edilmiş ödəniş sistemlərinin qiymətləndirilməsi aparılmışdır. Bu sistemlərin beynəlxalq standartlara və ödəniş sistemlərinin əsas prinsiplərinə tam uyğunluğu təsdiq edilmişdir. Bunu əsas götürən qonaqlar öz ölkələrində də belə sistemlərin tətbiq edilməsinə qərar vermişlər.