Mərkəzi Elmi Kitabxanaya müqayisəli dilçilik üzrə kitablar təqdim olunub
Bakı, 7 fevral, AZƏRTAC
Bakı Slavyan Universitetinin Ümumi və rus dilçiliyi kafedrasının mərhum professoru Aslan Məmmədlinin kitabları alimin ailə üzvləri tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, respublikamızda ümumi və müqayisəli dilçilik, rusistika və tərcüməşünaslıq sahələrində gənc tədqiqatçıların ən çox istinad etdikləri alimlərdən olan A.Məmmədlinin 1996-cı ildə müdafiə etdiyi “Sopostavitelnıy analiz russkoy i Azerbaydjanskoy frazeoloqii” doktorluq dissertasiyası ən yeni dövr Azərbaycan dilçiliyinə mühüm töhfələr verib. Nəşrdə müəllifin müqayisəli dilçilik sahəsində tədqiqat və çıxışları, dərin elmi araşdırmaları öz əksini tapıb.
“Razqovorı s Puşkinım” adlı topluda isə A.Puşkin yaradıcılığında Şərq, Avropa-Asiya və Qafqaz mövzuları haqqında müəllifin müxtəlif illərdə yazdığı məqalələr yer alır.
Qeyd edək ki, rus, ingilis, fransız, alman və ivrit dillərini mükəmməl bilən mərhum professor Aslan Məmmədli MEK-in Nadir kitab fondunda mühafizə olunan ən qədim latın dilində kitabların annotasiyalarının Azərbaycan dilində yazılmasına könüllü olaraq kömək göstərib.