METRONUN “NƏSİMİ” STANSİYASI İSTİFADƏYƏ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, Bakıda inşa edilən iki yeni metro stansiyasından biri - “Nəsimi” stansiyası artıq istifadəyə hazırdır. Bakı metropoliteni rəisinin müavini, tikilməkdə olan metro stansiyaları müdiriyyətinin rəhbəri Arif Rəsulov bildirmişdir ki, hazırda stansiyada sınaq reysləri keçirilir.
Metronun yeni stansiyasının uzunluğu 310, platformanın uzunluğu isə 102 metrdir. Platformanın işıqlandırma sistemində milli ornamentlərdən istifadə olunmuşdur.
“Nəsimi” stansiyasını digər stansiyalardan fərqləndirən cəhət, qatarların hərəkətinin kompyuter sistemi ilə idarə olunmasıdır. Stansiyanın bir çıxışında eskalator, digərində isə mərmər pilləkənlər quraşdırılmışdır.
Hazırda “Azadlıq” stansiyasında da işlər davam etdirilir. Bu stansiyada beton konstruksiya işləri tezliklə tamamlanacaqdır. 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan “Azadlıq” stansiyasından sonra “Müşfiq” stansiyasının tikintisinə başlanacaqdır.