MƏDƏNİYYƏT
“MH370” təyyarəsinin yoxa çıxması Malayziyanın turizm sənayesinə ağır zərbə vurmuşdur
Bakı, 27 mart (AZƏRTAC). “Malaysia Airlines” aviasiya şirkətinin Kuala-Lumpurdan Pekinə uçan və Hind okeanının cənub hissəsində “qeyb olmuş” “MH370” təyyarəsinin sirli şəraitdə yoxa çıxması Malayziyanın turizm sənayesinə ciddi ziyan vura bilər: Çin turistləri artıq bu ölkəyə turizm səfərlərindən imtina edirlər.
Bu boykot onunla əlaqədardır ki, yoxa çıxmış təyyarənin 227 sərnişininin əksəriyyəti - 153 nəfəri Çin vətəndaşıdır. Onların qohumları Malayziya aviasiya şirkətinin nümayəndələrindən axtarış əməliyyatı barədə məlumatı az qala zorla qoparırlar.
Keçən il dünyanın turistlər arasında on ən populyar ölkəsi sırasına daxil olan Malayziyada 1,79 milyon çinli (yəni 2012-ci ildəkindən 15 faiz çox) olmuşdusa, bu il “South China Morning Post” qəzeti tərəfindən rəyi soruşulanların məlumatına görə, turizm axını 20-40 faiz azala bilər ki, bu da krallığa ən azı 4,2 milyard ringit (1,28 milyard dollardan çox) ziyan vurar.
Ümumiyyətlə, 2014-cü ilin yekunları üzrə Malayziya 28 milyon turist qəbul etməyi və 76 milyard ringit (23,195 milyard dollar) qazanc əldə etməyi planlaşdırmışdı, lakin indi bu proqnoz yenidən nəzərdən keçirilməlidir.
Təyyarə biletlərinin onlayn-bronlanması üzrə Çinin “Ctrip.com” adlı ən böyük servisi nümayəndələrinin məlumatına görə, son iki həftədə Malayziyada istirahətlə bağlı axtarış-sorğuların sayı 50 faiz azalmışdır. Bir çox turoperatorlar tələbatın 75 azaldığını və hətta heç olmadığını bildirirlər.
“Forward” tədqiqat şirkətinin analitikləri belə güman edirlər ki, tələbatın bərpasını ən azı bir il gözləmək lazımdır, özü də bu şərtlə ki, axtarlış əməliyyatı aylarla uzanmasın, “Malaysia Airlines” şirkəti isə kompensasiya verməkdə simiclik etməsin.