MİDA “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən agentliyin Hövsan Yaşayış Kompleksi və kompleksin ikinci mərhələsinin ərazisində ağacəkmə aksiyası keçirilib.
MİDA-dan AZƏRTAC-a bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin 100-ə yaxın əməkdaşı tərəfindən 500-ə yaxın şam, sərv və müxtəlif meyvə ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, təmizlik, suvarma və abadlaşdırılma işləri aparılıb.