MƏDƏNİYYƏT
Milli Arxiv İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 3 may, AZƏRTAC
“Heydə Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, silsilə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, mayın 3-də Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Milli Arxiv İdarəsində reallaşan tədbirdə İdarə rəhbərliyi, İdarə aparatının və respublika dövlət arxivlərinin məsul vəzifəli şəxsləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və Dövlət Kino-Foto Sənədləri Arxivinin fotosənədləri əsasında hazırlanmış “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!” adlı qısa videoçarx izlənilib.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov tədbiri açıq elan edərək, Ulu Öndərin dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətləri haqqında məlumat verib. O qeyd edib ki, Sovet Azərbaycanına rəhbərliyi dövründə daim xalqının milli maraqlarını bütün çətinliklərə baxmayaraq, qoruyan Heydər Əliyev müstəqillik illərində də dövlətin parçalanmasının qarşısını alıb, onun stabil inkişafının dönməzliyini təmin edib.
“Heydər Əliyev və Azərbaycanda arxiv işi” mövzusunda İdarə rəisinin müavini Həsən Həsənov məruzə ilə çıxış edərək Ulu Öndərin respublikada, o cümlədən keçmiş SSRİ-də arxiv işinin inkişafında oynadığı roldan danışıb. Bildirilib ki, məhz Heydər Əliyevin Fərmanı əsasında Azərbaycan Respublikasında Milli Arxiv İdarəsi yaradılıb, dövlət arxivlərinin maddi-texniki təminatının gücləndirilməsi istiqamətində işlər görülüb.
YAP Milli Arxiv İdarəsi üzrə İlk Ərazi Təşkilatının sədri Yeganə Cabbarlı Heydər Əliyevin müstəqillik dövrünün ilk illərində xalqın birliyinin qorunması istiqamətində fəaliyyətindən bəhs edib.
Tədbirin sonunda Əsgər Rəsulov əlavə edib ki, dövlət arxiv xidməti təşkilatlarında Ulu Öndərin 100 illiyinə həsr olunmuş müxtəlif məzmunlu tədbirlərin icrası davam etdiriləcək.