Milli İncəsənət Muzeyində Beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadənin solo konserti olub
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin XI sinif şagirdi, Respublika və beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadənin solo konserti keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konsert proqramı Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cavidan Babazadəyə 9 il ərzində vokal ifaçılığını tədris edən İlham Nəzərovun rəhbərliyi ilə hazırlanıb.
Konsertdə, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Nuray İsmayılova da çıxış edib.
Proqramda G.F.Hendel, A.Vivaldi, eləcə də V.A.Motsartın operalarından ariyalar və duetlər, A.Stradella və İ.S.Baxın kantata və oratoriyalarından seçilmiş ariyalar səsləndirilib. Tədbirin diqqətçəkən nüanslarından biri İmadəddin Nəsiminin qəzəli əsasında bəstələnmiş “Ey təbib” əsərinin ifası olub. Əsərin musiqi mətninin müəllifi İlham Nəzərovdur.
Konsert proqramı fortepianoda Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova tərəfindən müşayiət olunub.
Sonda Cavidan Babazadə və onu konsertə hazırlayan İlham Nəzərov Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən Fəxri fərmanla təltif ediliblər.