MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR DAİMİ KOMİSSİYASI BƏLƏDİYYƏLƏRLƏ BAĞLI QANUNVERİCİLİK BAZASINI MÖHKƏMLƏNDİRİR
Komissiyanın sədri Zahid Qaralov demişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Prezident Heydər Əliyev tərəfindən özülü qoyulmuş və bu gün inkişaf mərhələsini yaşayan yerli özünüidarə orqanları üçün möhkəm hüquqi, qanuni baza yaradılmalıdır. Bu həm də möhtərəm Heydər Əliyevin bu sahə ilə bağlı tövsiyələrindən irəli gələn bir işdir. Məlumdur ki, gələn ilin sonlarında ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də Avropa Yerli və Regional Hakimiyyətləri Konqresinin tövsiyələri də nəzərə alınmaqla, bələdiyyələrin fəaliyyətini nizamlayacaq bir sıra vacib qanunlar qəbul olunmalıdır. Bundan başqa, bələdiyyələrin maarifləndirilməsi, bələdiyyələrlə bağlı fakültələri olan ali təhsil ocaqları ilə əlaqələrin qurulması istiqamətində təxirəsalınmaz işlər görüləcəkdir.
Sonra komissiya sədrinin müavini Şaitdin Əliyev iş planı barədə məlumat verdi. Dedi ki, 2004-cü ilin yaz sessiyası dövründə 8 qanun qəbul olunacaq, beynəlxalq tədbirlər, seminar və təcrübə mübadiləsi aparılacaqdır.
Müzakirələrin sonunda iş planı təsdiq olunmuşdur.