Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunun 26-cı buraxılışına həsr olunmuş mərasim keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti buraxılış mərasimində Milli Müdafiə Universitetinin, Hərbi İdarəetmə İnstitutunun, Hərbi Elmi-Tədqiqat İnstitutunun rəhbər, zabit, professor-müəllim heyəti, dinləyicilər və başqa qonaqlar iştirak ediblər.
Universitetin Hərbi İdarəetmə İnstitutunda keçirilən buraxılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Bəbir Quliyev çıxış edərək Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin adından kursun buraxılışı, qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü münasibətilə dinləyiciləri təbrik edib. Rektor bildirib ki, dövlət orqanlarında çalışan vəzifəli şəxslərə respublikanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı hərbi-strateji, hərbi-iqtisadi, hərbi-siyasi məsələlərin təhlili vəzifəsini Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu yerinə yetirir.
Bəbir Quliyev Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunda beş ay ərzində strategiya və müdafiə planlaşdırması, respublikamızın beynəlxalq əlaqələri, iqtisadiyyatımızın inkişaf strategiyası və dünya iqtisadiyyatına inteqrasiyası, sosial-mədəni və milli təhlükəsizliyimizi əhatə edən digər məsələlərə dair dinləyicilərə mühazirələrin oxunduğunu və eyni zamanda, kursun tədris proqramı çərçivəsində Azərbaycanın müxtəlif nazirlik və təşkilatlarında, ali təhsil müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislər tərəfindən müxtəlif mövzularda geniş çıxışların edildiyini vurğulayıb.
Həmçinin güc nazirliklərinin mütəxəssisləri kursun tədris proqramına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və təşəkkül tapması, onların strukturu, vəzifələri haqqında və digər mövzularda akademik kursun dinləyicilərinə ətraflı məlumat çatdırdığını deyən rektor çıxışının sonunda əminliklə bildirib ki, müasir tələblərə cavab verən ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, hərb elminin təşkili, inkişaf etdirilməsi, ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusu ilə mülki dövlət qurumlarının birgə fəaliyyətinin təşkili məsələləri bundan sonra da Hərbi İdarəetmə İnstitutunun fəaliyyətinin əsas istiqamətləri olacaq.
Sonra məzunlara diplomlar və döş nişanları təqdim edilib.
Professor-müəllim heyəti adından çıxış edən professor Rasim Həsənov akademik kursun dövlətin müdafiə strategiyasında və idarə edilməsində böyük əhəmiyyətindən danışaraq, burada qazanılan nəzəri və təcrübi biliklərin məzunların gələcək fəaliyyətlərində tətbiqinin zəruriliyini xüsusi vurğulayıb, onların hər birinə uğurlar diləyib.
Məzunlar adından çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Mahir Hacıyev əldə etdikləri bilgilərin onların gələcək fəaliyyət istiqamətlərində əhəmiyyətli rolundan danışıb və yaş kötüyünə xatirə lövhəsini vurub.