MİLLİ OLİMPİYA KOMİTƏSİ YERLİ FEDERASİYALARI YENİYETMƏLƏRİN BİRİNCİ OLİMPİYA OYUNLARINA CİDDİ HAZIRLAŞMAĞA ÇAĞIRIR
Bakı, 17 mart (AZƏRTAC). Milli Olimpiya Komitəsi 2010-cu ildə Sinqapurda keçiriləcək yeniyetmələrin birinci Olimpiya Oyunları və bu il Tehranda İslam Oyunlarına Azərbaycan idmançılarının hazırlığını, federasiyaların bu yöndə fəaliyyətinin prioritet istiqamətlərini öyrənmək məqsədi ilə martın 17-də geniş yığıncaq keçirmişdir. Tədbirdə federasiyaların nümayəndələri, mütəxəssislər iştirak edirdilər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məsul yarışa artıq indidən hazırlaşmağın vacibliyini bildirərək, Oyunların əsas məqsədi gənclər arasında dopinqin istifadəsinin qarşısını almaq, onlar arasında ədalətli oyun qaydalarını təbliğ etmək olduğunu söyləmişdi. MOK-un vitse-prezidenti Yeniyetmələrin Olimpiya Oyunlarının idmançıların həm iştirakı, həm də yarış qaydaları baxımından böyüklərin Olimpiya Oyunlarından əsaslı surətdə fərqləndiyini söyləmişdir.
Əgər böyüklərin Yay Olimpiya Oyunlarında 10 mindən yuxarı idmançı iştirak edirsə, bu oyunlarda yalnız 3500 iştirakçı qüvvəsini sınayacaqdır. Məhdud sayda idmançının yarışa qatılması, Oyunlara lisenziya qazanmaq şanslarını da çətinləşdirəcəkdir. Ümumiyyətlə, Yay Olimpiya Oyunlarında komandalar 900 nəfərədək idmançı ilə çıxış etdiyi halda, bu yarışa maksimum 70 nəfər idmançı təqdim edə bilər.
Bundan əlavə idmançılar 2800 lisenziyanın qazanacağı təqdirdə, 700 idmançıya lisenziyalar (vayld - kart) paylanacaq. Paylanılacaq lisenziyaların şərtlərində bir sıra məhdudiyyətlər vardır. Reqlamentə əsasən bu lisenziyalar Afina və Pekin Olimpiadalarında heyəti 9 idmançıdan az olan komandalara veriləcək. Azərbaycan yığması hər iki Olimpiadada daha böyük heyətlə çıxış etdiyindən bu lisenziyalar idmançılarımıza paylanılmayacaq.
Müvafiq federasiyaların hər birinin hesabatını dinləyən Ç.Hüseynzadə Azərbaycanın bu Oyunlarda prioritet saydığı idman növlərini də açıqlamışdır. O demişdir ki, komanda oyun növlərində Azərbaycanın oğlanlar arasında futbol, qızlar arasında isə voleybol komandalarına böyük ümid bəslənilir. Fərdi yarışlarda isə idmanın güləş, cüdo, taekvondo və boks növlərində lisenziyalar gözləyirik. Yığıncaqda bu il Tehranda keçiriləcək İslam Oyunlarına da idmançıların hazırlığı müzakirə olunmuşdur. İlk dəfə bu Oyunlarda qadınların atletika, qılıncoynatma, karate, atıcılıq, stolüstü tennis və taekvondo proqramları salınmışdır. Bu yarışa hazırlıqla bağlı müzakirələr aparılmış, müvafiq tövsiyələr verilmişdir.
######
