Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir
Astara, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 15-də Astara Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş videokonfransda ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən sevinc və qürur hissi ilə söhbət açılıb.
Onlayn tədbirdə 1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi proseslərə nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Heydər Əliyevin tarixi xidmətləri yüksək dəyərləndirilib.