Milli Qurtuluş Günü yaddaşlara Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi əbədi həkk olunub
Bərdə, 15 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü Bərdə Regional Mədəniyyət İdarəsi üzrə bütün müəssisələrdə silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 15-də Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi və mədəniyyət işçiləri ümummilli lider Heydər Əliyevin adını daşıyan park-bulvara gələrək dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Regional idarənin rəisi İlyas Hacıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 15 iyunun müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunduğunu deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycan xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanmadan xilas olaraq, sürətli inkişaf yoluna qədəm qoyub. Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir.