Mina terrorunun qurbanı dünya ictimaiyyətinə səsləndi: ermənilərə “Dur!” deyilməlidir VİDEO
Ağdam, 20 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi cinayətlərindən biri mina terrorudur. Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra da Azərbaycan faşist xislətli ermənilərin basdırdığı mina təhlükəsi ilə üz-üzə qalıb. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb.
Erməni diversiya qrupları hələ də Azərbaycan ərazilərinə minalar basdırır. Hər gün Qarabağda və Şərqi Zəngəzurda Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni məlumatlara şahidlik edirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ermənilərin mina terrorundan zərər çəkənlərdən biri də Ağdam rayon sakini Hafiz Əzimzadədir. O, 2021-ci il mayın 3-də işğaldan azad edilmiş ərazilərdə işi ilə əlaqədar su mənbələrinin inventarizasiyasını apararkən mina partlayışı nəticəsində ayağını itirib.
Hafiz Əzimzadə həmin anları belə xatırlayır: “İşğaldan azad olunmuş ərazilərdə su mənbələrinin inventarizasiya olunması və digər inşaat işləri ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin göstərişinə əsasən Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə baxış keçirirdik. Novruzlu kəndində subartezian quyusuna yaxınlaşan zaman dəhşətli partlayış baş verdi. Üzü üstə yıxıldım. Ayağımda qaralma, yanma, sümüklərin çıxması kimi dəhşətli vəziyyəti gördüm. Çox dəhşətli idi. Bir təhər sürünə-sürünə yola yaxınlaşdım. İnsanlar məni xəstəxanaya apardılar, ayağım amputasiya olundu...”.
Həmsöhbətimiz işi ilə əlaqədar işğaldan azad olunmuş ərazilərə tez-tez səfər etdiyini söyləyir. Hər dəfə əraziyə gedəndə minaya düşdüyü o dəhşətli anları bir daha xatırlayır.
Ermənilərin mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlandığını vurğulayan Hafiz Əzimzadə deyib: “Ermənilərə “Dur!” deyilməlidir. Mən dünya ictimaiyyətinə müraciət edirəm ki, ermənilərin mina terrorunun qarşısının alınması üçün tədbirlər görsünlər. İkinci Qarabağ müharibəsindən sonra da ermənilər əraziləri minalamaqda davam edirlər. Sentyabrın 19-da Xocavənd rayonunda polis əməkdaşlarının minaya düşməsi bizim üçün sarsıdıcı zərbə oldu. Neçə ailə gözüyaşlı qaldı, uşaqlar atasız, xanımlar ərsiz, valideynlər övladsız qaldı. Mən döyüşçü deyiləm, mühəndisəm, sıravi vətəndaşam. Mənim kimi insanlar minaya düşürlər. Mina terrorunun qarşısı alınmalıdır”.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 48-i mülki, 13-ü hərbçi olmaqla 61-i həlak olub. Həmçinin mina partlayışları nəticəsində ümumilikdə 253 nəfər xəsarət alıb. Onlardan 101-i mülki şəxs, 152-si isə hərbçidir.