MİRZƏ İBRAHİMOV AZƏRBAYCAN DİLİNİN DÖVLƏT DİLİ SƏVİYYƏSİNƏ QALDIRILMASI UĞRUNDA MÜBARİZƏ APARAN YAZIÇI İDİ
AZƏRTAC xəbər verir ki, dekabrın 17-də Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda xalq yazıçısı, görkəmli ictimai xadim Mirzə İbrahimovun vəfatının 15-ci ildönümü ilə bağlı mərasim keçirmişdir.
İştirakçılar əvvəlcə Fəxri xiyabanda yazıçının xatirəsini yad etmiş, məzarı üzərinə gül dəstələri düzmüşlər.
Sonra davam etdirilən mərasimdə M.İbrahimovun xalqa etdiyi müraciətin lent yazısı səsləndirilmişdir.
Birliyin sədri, xalq yazıçısı Anar çıxışında demişdir ki, böyük yazıçı müraciətində həyatının sevincli, kədərli, ağrılı anlarını lakonik şəkildə ifadə etmiş və həmin sözlər bu gün də aktualdır. M.İbrahimovun Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında müstəsna xidmətləri olmuşdur. Görkəmli ədib Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması uğrunda ən fəal mübarizlərdən idi.
Mirzə İbrahimovun Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində çalışarkən onun köməkçisi olduğunu söyləyən Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova yazıçının şəxsi keyfiyyətlərindən danışmışdır. O bildirmişdir ki, M.İbrahimov Cənubi Azərbaycan nasirlərinin əsərlərinin rus dilində çap olunmasını həmişə arzulayardı. Məhz “Antologiya prozı Yujnoqo Azerbaydjana” kitabı böyük yazıçının nurlu xatirəsinə bir ehtiramdır. Sevinirəm ki, nəşrin təqdimatı görkəmli xadimin anım gününə təsadüf edir. Antologiyanın işıq üzü görmüş 1-ci cildində 16 nəfər cənubi azərbaycanlı yazıçının əsəri verilmişdir.
Filologiya elmləri doktoru Teymur Əhmədovun tərtib etdiyi və AMEA-nın “Elm” redaksiya, nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda çap olunmuş “Mirzə İbrahimov” kitabı iştirakçılara paylanmışdır.
Xalq şairi Sabir Rüstəmxanlı, filologiya elmləri doktoru Sabir Əmirov, “Azərnəşr”in direktoru Azər Mustafazadə, Səməd Vurğunun ev-muzeyinin direktoru Aybəniz Səməd Vurğunqızı və başqaları Mirzə İbrahimovla bağlı xoş xatirələrini söyləmişlər.
Xalq artisti, bəstəkar Sevda İbrahimova atasının xatirəsini yad etdiklərinə görə minnətdarlığını bildirmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |



