Misirli jurnalist Ulu Öndər Heydər Əliyev haqqında məqalə yazıb
Bakı, 3 may, AZƏRTAC
Misirli jurnalist Ayman Habana nüfuzlu “Əxbar Əl Youm” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, müəllif Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin Misirin Qalyubiyə rayonunda yerləşən Misir-Azərbaycan Dostluq Parkında təntənəli şəkildə qeyd olunacağını diqqətə çatdırıb. O əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi siyasətçinin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Misirli jurnalist daha sonra Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirova istinadla yazıb ki, müasir Azərbaycanın memarı bütün ömrünü öz xalqının xoşbəxt gələcəyinə həsr edib. 1969-cu ildə Sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyevin müdrikliyi və gərgin əməyi sayəsində respublikada geniş quruculuq işləri aparılıb, böyük infrastruktur layihələri həyata keçirilib, sosial-mədəni sahələrdə tərəqqiyə nail olunub. SSRİ-də rəhbər orqan - Siyasi Büronun ilk müsəlman üzvü seçilən və Nazirlər Sovetinin birinci müavini təyin edilən dahi siyasətçi həmin vəzifələrdə də öz doğma xalqının rifahı naminə böyük işlər görüb. Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda yaranan xaos və ölkənin parçalanma təhlükəsi məhz onun müdrik siyasəti sayəsində aradan qaldırılıb, respublika tərəqqi yoluna qədəm qoyub.
Məqalədə vurğulanıb ki, Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyev 30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etməyə müvəffəq olub, ölkənin ərazi bütövlüyünü bərpa edib. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, eyni zamanda, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində səylərini davam etdirir.