Molekulyar Biologiya İnstitutunun elmi jurnalı beynəlxalq indeksləmə bazasına daxil edilib
Bakı, 24 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutu tərəfindən nəşr olunan “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” beynəlxalq nüfuzlu “Scopus” elmi indeksləmə bazasına daxil edilib. Molekulyar biologiya, genetika, biokimya, biotexnologiya, bioinformatika, aqrar və tibb elmləri üzrə multidisiplinar tədqiqatların dərc olunduğu beynəlxalq resenziyalı açıq girişli jurnal Azərbaycanın biologiya istiqaməti üzrə “Scopus”da təmsil olunan ilk milli elmi nəşrlərindən biridir.
Bu barədə AZƏRTAC-a Molekulyar Biologiya İnstitutundan bildirilib.
Bu mühüm nailiyyət jurnalın beynəlxalq elmi nəşrlər sistemində mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanda aparılan fundamental və tətbiqi elmi tədqiqatların qlobal elmi ictimaiyyətə daha geniş çatdırılmasına, alimlərin elmi mövqeyinin və sitatgətirmə potensialının artmasına, eləcə də ölkəmizin elmi nüfuzunun yüksəlməsinə mühüm töhfə verəcək.
Jurnalın beynəlxalq nüfuzunun formalaşmasında onun yüksək peşəkarlığa malik Redaksiya Heyəti mühüm rol oynayır. Heyətdə ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, Türkiyə, Çin, Cənubi Koreya, Macarıstan, Rumıniya, Pakistan, Hindistan, Ukrayna, Özbəkistan və digər ölkələrin tanınmış alimləri təmsil olunurlar. Xüsusilə qeyd edilməlidir ki, Nobel mükafatı laureatı, professor Əziz Səncər jurnalın Redaksiya Heyətinin fəxri üzvüdür.
İldə iki dəfə nəşr edilən jurnalda dərc olunan bütün məqalələr müstəqil ekspertlər tərəfindən ciddi elmi rəy (peer review) prosesindən keçirilir. Redaksiya siyasətinin prioritetlərindən biri xarici ölkələrin nüfuzlu mütəxəssislərinin rəylərinin cəlb olunmasıdır ki, bu da elmi məqalələrin obyektiv, şəffaf və beynəlxalq standartlara uyğun qiymətləndirilməsini təmin edir.
Jurnalın “Scopus” beynəlxalq indeksləmə bazasına daxil edilməsi nəşrin inkişaf tarixində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan elminin qlobal elmi informasiya məkanına inteqrasiyası baxımından da mühüm nailiyyətdir.