Moskvada Heydər Əliyev Kuboku uğrunda mini futbol turnirinə start verilib
Moskva, 3 may, AZƏRTAC.
Moskvada Heydər Əliyev Kuboku uğrunda mini futbol turnirin seçmə oyunlarına start verilib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin futbol meydançasında keçirilən oyunlarda Rusiya paytaxtının, Kaluqa və Tulanın aparıcı ali məktəblərindən 24 komanda iştirak edib.
Ənənəvi illik turnir Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə 2009-cu ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində təşkil olunur.
İştirakçılar püşkatma yolu ilə 4 komandadan ibarət 6 qrupa bölünüblər. Hər qrupda turnirin final mərhələsinə vəsiqə uğrunda gərgin mübarizə gedib.
Turnirin növbəti mərhələsinə vəsiqə qazanmış komandalar mayın ilk ongünlüyündə keçiriləcək final oyunlarında iştirak edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva