Moskvada MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının Forumu keçirilir YENİLƏNİB



Moskva, 11 dekabr, AZƏRTAC
Moskvada MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının XII Forumu keçirilir. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan və Rusiyadan nümayəndələr iştirak edir. Ölkəmizi tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Milli Məclisin deputatları Elmira Axundova, Naqif Həmzəyev, Pərvin Kərimzadə və digərlərindən ibarət böyük mötəbər nümayəndə heyəti təmsil edir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets Prezident Vladimir Putinin və Rusiya hökumətinin sədri Dmitri Medvedyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanin Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxış edərək bildirib ki, MDB ziyalılarının forumu fikir mübadiləsi aparmaq, düşündürən və narahat edən məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Hazırda dünyada, eləcə də MDB məkanında proseslər olduqca sürətlə inkişaf edir. Odur ki, ziyalılar, nüfuzlu ictimai xadimlər cəmiyyətlərimizə xas yüksək mənəvi dəyərləri təbliğ etməli, gələcək nəsillərə ötürməlidirlər. MDB ölkələrində dövlət səviyyəsində zəngin mədəni irsin qorunub saxlanması üçün böyük işlər görülür. Dünyada multikulturalizmin iflasa uğradığı bir vaxtda, biz bu yolla qətiyyətlə irəliləyirik. “Əminəm ki, biz şəxsi nümunəmizlə öz xalqlarımıza, ilk növbədə gənc nəslə qarşılıqlı ehtirama əsaslanan dialoq aparmaq mədəniyyəti nümunəsi nümayiş etdirməliyik”, - deyə diplomat bildirib.
Tədbirdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev və MDB ölkələrinin təmsilçiləri çıxış ediblər.
İki gün davam edəcək forumun iştirakçıları “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsi və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparacaq, təhsil və gənclər siyasəti, MDB Dövlət Başçıları Şurasının qərarına əsasən 2018-ci ilin Birlik məkanında “Mədəniyyət İli” elan edilməsinə hazırlıq məsələlərini nəzərdən keçirəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva