“Müasir düşüncələrdə 20 Yanvar faciəsi milli yaddaş günü kimi” - dəyirmi masa
Bakı, 20 yanvar, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Müasir düşüncələrdə 20 Yanvar faciəsi milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnika və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qətlə yetirdiyini, bunun xalqımızın qan yaddaşında əbədi yaşayacağını bildirib.
İlham Məmmədzadə qeyd edib ki, 20 Yanvar faciəsindən 33 il vaxt keçsə də, biz o günü heç unutmadıq. 20 Yanvar Azərbaycan xalqının tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir. Bu, xalqımızın qəhrəmanlıq salnaməsidir.
Onun fikrincə, tariximizdə baş verən hadisələrin fəlsəfi mahiyyətini yetişməkdə olan gənc nəslə aşılamaq baxımından alimlərimiz bu yöndə tədqiqatlarını daha da genişləndirməlidirlər.
İnstitutun əməkdaşları - Eynulla Mədətli, Hüseyn İbrahimov, Şölət Zeynalov, Faiq Ələkbərli, Anar Qafarov, Məhəmməd Cəbrayılov, Rəfail Əhmədov və başqaları çıxış edərək sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndiriblər.