SİYASƏT
Murmanskda Azərbaycan Respublikası Günü qeyd edilmişdir
Bakı, 26 may (AZƏRTAC). Murmanskda 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilmişdir. Bayram şənliyində Azərbaycanın Dövlət Bayrağı qaldırılmışdır. Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk bölməsinin Rəyasət Heyətinin üzvü Amil Vəliyev tədbirdə çıxış etmişdir. O, Rusiya-Azərbaycan münasibətləri haqqında söhbət açmış, müasir dövrdə Azərbaycanın uğurlarını, “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov - Nigar Camal duetinin qələbəsini qeyd etmişdir.
Amil Vəliyev demişdir: “1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyəti bizim milli sərvətimiz, xalqımızın tarixində ən parlaq səhifədir. 1991-ci ildə ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra bütün sahələrdə mühüm uğurlar qazanmışdır. Müasir müstəqil Azərbaycanın iqtisadi, intellektual və mədəni potensialı möhkəm təmələ malikdir”.
Tədbirdə çıxış edən həmvətənlərimiz, müxtəlif milli icmaların rəhbərləri Azərbaycan rəhbərliyinə və ölkəmizin xalqına ən xoş arzularını bildirmişlər.
Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının regional bölmələri tərəfindən təşkil edilmişdir.