Murmanskda Qarabağ münaqişəsinə aid kitabın təqdimatı olmuşdur
Bakı, 7 iyun (AZƏRTAC). Murmansk Dövlət Universal Elmi Kitabxanasının şəhər abonementi şöbəsi oxucuların ən çox müraciət etdiyi şöbələrdən biridir. Bu günlərdə kitabxanada “Oxu məni!” oxucu aksiyası keçirilir. Aksiyanın gedişində müasir populyar yazıçıların yüz kitabı təqdim edilmişdir.
Burada təqdim edilən nəşrlər arasında rusiyalı yazıçı, professor Yuri Pompeyevin “Qarabağ gündəliyi” əsəri və Rusiyada detektiv janrının ustası kimi tanınmış, Azərbaycan PEN-klubunun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin kitabları da vardır.
Rusiyanın və Azərbaycanın Jurnalistlər İttifaqının üzvü Əli Məmmədhüseyn oğlu tədbirdə çıxış edərək “Qarabağ gündəliyi” kitabını təqdim etmiş, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik digər yeddi rayonu, başqa sözlə desək, Azərbaycan ərazisinin 20 faizi hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejimi müəyyən edilmişdir və indiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələlik uğursuz olan sülh danışıqları aparılır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə Ermənistan tərəfindən hələ də yerinə yetirilmir.
“Qarabağ gündəliyi” kitabı 2010-cu ildə Moskvanın “Kanonplyus” nəşriyyatında çapdan çıxmışdır. Bu əsər tarixi sənədlər və müəllifin müxtəlif siyasi və ictimai xadimlərlə müsahibələri əsasında yaranmışdır. O gərgin dövrdə yazıçı özü dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində olmuşdur. Kitabda bu qanlı hadisələr münaqişənin əvvəlindən başlayaraq obyektiv təhlil edilmişdir. Müəllif, professor Yuri Pompeyev erməni lobbisi ilə Mixail Qorbaçovun əlaqələrini təhlil edərək, bu qənaətə gəlmişdir ki, məhz onların fəaliyyəti bu münaqişənin qızışdırılmasına və Xocalı soyqırımına gətirib çıxarmışdır.
“Qarabağ gündəliyi” kitabının müəllifi ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin gözündən düşdüyü dövrdə xalqımızın milli mənafelərini müdafiə etmək uğrunda mübarizəsi, onun hakimiyyətə qayıtması və respublikanın prezidenti vəzifəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və ərazi bütövlüyünün bərpa edilməsi üzrə fəaliyyəti təsvir edilir.
Kitabların təqdimat mərasimində kitabxananın əməkdaşları və oxucuları, regiondakı Azərbaycan, çuvaş və digər diasporların fəal üzvləri iştirak etmişlər.