MÜSTƏQİL AZƏRBAYCANIN YAŞIDI “AZƏRBAYCAN”
AZƏRTAC xəbər verir ki, 133 illik mətbuat tariximizdə özünəməxsus yeri olan “Azərbaycan” qəzeti 90 illik yubileyini qeyd edir.
İlk rəsmi qəzetimiz olan, milli dövlətçiliyimizin salnaməsinə çevrilən bu mətbu nəşr müstəqil Azərbaycanın yaşıdıdır. Tarixi mənbələrdə bildirilir ki, 1918-ci il iyulun 3-də “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”nin nəşri haqqında qərar qəbul edilir. İyulun 27-də onun nəşri Xalq Təhsil Nazirliyinə həvalə olunur. Burada əsasən qərarlar, bəyanatlar, nazirliklərin mühüm sənədləri dərc edilirdi. Cümhuriyyətin çoxşaxəli fəaliyyəti barədə məlumatları ictimaiyyətə çatdıracaq mətbu orqana ehtiyac olduğunu görərək milli hökumət belə bir nəşrin yaranmasına qərar verir. Nəhayət, 1918-ci il sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində “Azərbaycan”ın ilk sayı çapdan çıxır. Dörd səhifədən ibarət ilk nömrənin 2 səhifəsi ərəb əlifbası ilə Azərbaycan, 2 səhifəsi rus dillərində buraxılır. Qəzetin 23 ayda 520-dən çox nömrəsi işıq üzü görmüşdür.
Ətrafında çox nüfuzlu ziyalıları cəmləşdirən qəzet onların azad fikir tribunasına çevrilir. Qəzetin yaradıcıları yaxşı bilirdilər ki, müstəqil Azərbaycanın adını və görülən işlər barədə xəbərləri bu qəzet vasitəsilə bütün dünyaya çatdırmaq lazımdır. Onların ali istəkləri, amalları azad, müstəqil, suveren dövlət qurmaq, xalqın milli şüurunu, milli mənliyini özünə qaytarmaq, Azərbaycanı beynəlxalq miqyasda tanıtmaq idi. Bu yolda güvəndikləri nüfuzlu tribuna isə “Azərbaycan” qəzeti idi. Xalq Cümhuriyyətinin süqutu ilə qəzetin də fəaliyyəti dayandı. Onun böyük Üzeyir bəy Hacıbəyovun imzaladığı sonuncu nömrəsi 1920-ci il aprelin 27-də çıxdı.
XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş respublikamızda “Azərbaycan” yenidən dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, ali qanunverici orqanın fəaliyyətinin işıqlandırılması istiqamətində vəzifəsini məsuliyyətlə yerinə yetirməyə başladı. Ulu öndər Heydər Əliyev qəzetin 1000-ci nömrəsinin çapdan çıxması, daha sonra 80 illik yubileyi münasibətilə ”Azərbaycan”ın kollektivini təbrik etdi.
Hazırda “Azərbaycan” gündəlik nəşrlər arasında ən yüksək nüfuza malik qəzetlərdəndir. Bu gün qəzet peşəkar kollektivin - 80 nəfər əməkdaşın səyi ilə nəşr olunur. Onun səhifələrində ölkənin siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatına, beynəlxalq aləmdə baş verən hadisələrə dair operativ xəbərlər, maraqlı təhlili yazılar yer alır.
Yubileylə əlaqədar, redaksiyanın əməkdaşları tədqiqatçıların köməyi ilə qəzetin Xalq Cümhuriyyəti dövrünün nömrələri ilə bağlı indiyədək məlum olmayan faktlar aşkara çıxarmışlar. Toplanan materiallar yubiley nömrəsində çap olunmuş, eyni zamanda kitab halında nəşr ediləcəkdir. Yubiley nömrəsində, həmçinin “Azərbaycan”ın ilk sayında getmiş materiallar oxuculara çatdırılmışdır. Bütün bunlar həm də müstəqillik tariximizin öyrənilməsinə böyük töhfə olacaqdır.
Əlamətdar yubiley münasibətilə “Azərbaycan”da çalışan həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.
######
