“Müzəffər əsgərimiz” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunub
Bakı, 22 yanvar, AZƏRTAC
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər əsgərimiz” layihəsi çərçivəsində növbəti videoçarx Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Nicat İmamverdiyevin şərəfli ömür yolundan bəhs olunur.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.
Nicat Məhərrəm oğlu İmamverdiyev 1995-ci il fevralın 19-da Şəkidə anadan olub. 2001-ci ildə Şəki şəhər 1 saylı tam orta məktəbin birinci sinfinə gedib, 2010-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. Elə həmin il Şəki şəhər 1 saylı Texniki Peşə Məktəbinə qəbul olub və 2013-cü ilədək həmin məktəbdə elektrik qaz qaynaqçısı ixtisası üzrə təhsil alıb. Həmin məktəbdə oxuyan zaman paralel olaraq avtomobil təmiri sexində usta köməkçisi kimi çalışıb.
Nicat İmamverdiyev 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanılan Vətən müharibəsi zamanı Suqovuşan və Talış uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər N.İmamverdiyev oktyabrın 16-da Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidimizin döyüş yolu haqqında videoçarxı https://bit.ly/3GVS5OF link vasitəsilə izləmək mümkündür.