RƏSMİ XRONİKA
NAFTALAN İSTİRAHƏT VƏ SAĞLAMLIQ MƏRKƏZİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Naftalan İstirahət və Sağlamlıq Mərkəzi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəz 2005-ci ilin mayında, ulu öndər Heydər Əliyevin doğum günündə istifadəyə verilmişdir. 130 nəfərlik istirahət və sağlamlıq mərkəzi iki korpusdan ibarətdir. Burada 1, 2, 3 nəfərlik rahat otaqlar, müasir müalicə və müayinə kabinetləri, Naftalan nefti və yodlu-bromlu su vannaları, trenajor və müalicə idmanı otaqları, fizioterapiya, funksional diaqnostika kabinetləri, klinik-diaqnostik laboratoriya, biokimyəvi laboratoriya fəaliyyət göstərir. Nadir xüsusiyyətləri olan Naftalan nefti 70-dən artıq xəstəliyin uğurla müalicəsinə imkan yaradır. Sümük-əzələ sistemi xəstəlikləri, periferik sinir və damar, dəri və ginekoloji xəstəliklər müalicə olunur.
Xəstələr gündə 3 dəfə yeməklə təmin olunur, onlara 67 tibb işçisi xidmət göstərir.
İstirahət günləri respublikanın Gəncə, Şəki və Mingəçevir şəhərlərinə, Hacıkəndə və Göygölə səyahətlər təşkil edilir.
Prezident İlham Əliyev müalicə kabinetlərini, laboratoriyaları və digər şöbələri gəzdi, müalicə və müayinə prosesləri, müasir tibbi avadanlıqla tanış oldu və yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirdi. Dövlətimizin başçısı Polşadan və Moskvadan müalicəyə gələnlərlə söhbət etdi. Onlar bu müalicə mərkəzinə vaxtaşırı gəldiklərini və burada müalicənin və müayinənin dünya standartları səviyyəsində olduğunu, çox gözəl təsir bağışladığını və yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər.
Dövlətimizn başçısı həm də gözəl iqlimi olan Naftalanın dünyada neftlə müalicənin aparıldığı yeganə kurort olduğunu vurğuladı.
X X X
Naftalana səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev həmin gün, martın 3-də Samux rayonuna gəldi.
Dövlətimizin başçısı əvvəlcə Samux şəhidləri abidə kompleksi və Heydər Əliyev parkı ilə tanış oldu.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş samuxluların xatirəsini ehtiramla yad edərək, kompleksin önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin parkdakı abidəsini ziyarət edərək, gül dəstələri qoydular.
Dövlətimizin başçısı parkda ictimaiyyətin nümayəndələri ilə görüşüb səmimi söhbət etdi.
Azərbaycan Prezidenti Samux şəhərində ulu öndərin adını daşıyan muzeylə də tanış oldu.
Prezident İlham Əliyev daha sonra şahmat məktəbinin açılışında iştirak etdi, “Az-Rus Dostluq” ASC ilə, “Universal NAA” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərzaq və meyvə-tərəvəz anbarları ilə tanış oldu.
######