RƏSMİ XRONİKA
NAFTALAN ŞƏHƏRİNİN ZİYALILARI İLƏ GÖRÜŞ
Martın 3-də, Heydər Əliyev muzeyi ilə tanışlıqdan sonra parkda Prezident İlham Əliyevin Naftalan şəhərinin ziyalıları ilə görüşü keçirilmişdir.
2 nömrəli orta məktəbin pedaqoqu, respublikanın əməkdar müəllimi AİDƏ TALIBOVA dövlətimizin başçısını şəhər ziyalıları adından salamlayaraq dedi ki, cənab Prezident, bu gün sevincimizin həddi-hüdudu yoxdur. Ulu öndərimizin layiqli davamçısı kimi Siz bu gün bizimlə görüşə gəlmisiniz. Bu, bizdə böyük qürur hissi doğurur və inanırıq ki, Sizin bu gəlişiniz Naftalanın gələcək inkişafına böyük təkan verəcəkdir. Ulu öndərimizin 1982-ci ildə Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi barədə qərarından sonra burada 6-dan çox sanatoriya yaradıldı. Şəfa tapmaq üçün buraya dünyanın 100 ölkəsindən xəstələr gəlirdi. Ulu öndər həmişə deyirdi ki, Naftalan nefti xəstələrə şəfa verir. Buradakı xəstələrə elə xidmət göstərməyə çalışmalısınız ki, onlar gedəndə öz ölkələrində Azərbaycanın mədəniyyəti, insanlarının səmimiyyəti barədə xoş sözlər danışsınlar.
Cənab Prezident, qoy bu gəlişiniz uğurlu, qədəmləriniz mübarək olsun. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım da bizim qonağımızdır, əzizimizdir. Leyla xanım da əzizimizdir və gənc kadr kimi onun fəaliyyətini izləyirik. Çox sevinirik ki, xalqımızın belə gözəl, gənc övladları dövlətimizi təbliğ edirlər. Mehriban xanımın səmərəli fəaliyyəti hamımızın ürəyincədir və o, böyük rəğbət qazanıbdır. Təhsilimizin, mədəniyyətimizin, milli dəyərlərimizin qorunub saxlanılmasında bu gözəl qadının çox böyük xidməti var. Bilirik ki, XXI əsr kompyuter əsridir. Məktəblərin tikintisi, kompyuterlə təmin olunması sahəsindəki fəaliyyəti, xəstə uşaqları, onların valideynlərini sevindirməsi, müalicəyə göndərməsi təqdirəlayiqdir.
Aida Talıbova həyatının 38 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etdiyini, Prezident İlham Əliyev tərəfindən “Əməkdar müəllim” adına layiq görüldüyünü xatırladaraq dedi ki, cənab Prezident, bu il prezident seçkiləri keçiriləcəkdir. Bütün naftalanlılar adından qətiyyətlə bildirirəm ki, Siz bizim layiqli və daimi seçilmiş Prezidentimizsiniz. Siz hər kəsin Prezidentisiniz. Sizi xalqa yaxın edən qəlbinizin təmizliyi, sevimli olmağınızdır. Bunu Siz özünüz zəhmətkeşliyinizlə, səmimiyyətinizlə, həmişə xalqın içində olmağınızla qazanmısınız. Siz ölkəmizi iqtisadi baxımdan bütün dünyada zirvəyə qaldırmısınız. Təkcə hərbiyə ayırdığınız büdcə Ermənistanın ümumi büdcəsinə bərabərdir. Bu, böyük nailiyyətdir. Biz Sizə arxalanırıq. Siz ailənizlə birlikdə xalqın sevimlisisiniz. Bu görüşə görə Sizə bir daha təşəkkür edir, “Xoş gəlmisiniz!” deyir və bildirirəm ki, Siz bizim əbədi Prezidentimizsiniz. Sizin başınızın uca olması üçün biz naftalanlılar üzərimizə düşən hər bir vəzifəni uğurla yerinə yetirəcəyik.
“Möcüzəli Naftalan” sağlamlıq mərkəzinin baş həkimi GÜLTƏKİN SÜLEYMANOVA xatırlatdı ki, ulu öndərimizin 1982-ci ildə qəbul etdiyi qərar Naftalan kurortunu o vaxt ümumittifaq sanatoriyaları içərisində ön cərgəyə çıxarmışdı. Biz ümid edirik və əminik ki, Sizin gəlişinizdən sonra Naftalan kurortunun inkişafı haqqında qəbul olunacaq qərarlar buranı dünya miqyaslı kurortlar içərisində ön sıralara çıxaracaqdır.
X X X
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
######