NAXÇIVAN GƏNCLİK MƏRKƏZİNDƏ AZƏRBAYCANLILARIN SOYQIRIMINA HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
Naxçıvan, 31 mart (AZƏRTAC) Naxçıvan şəhərindəki Gənclik Mərkəzində soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və tədbir iştirakçıları Gənclik Mərkəzinin foyesində azərbaycanlıların soyqırımına həsr olunmuş sərgiyə baxmışlar.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı, 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti, Prezident İlham Əliyevin 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətləri sərgidə öz əksini tapmışdır.
“31 Mart - Azərbaycanlıların soyqırımı günüdür”, “XIX-XX əsrlərdə türklərə qarşı erməni vəhşiliklərinə aid faktlar”, “Erməni terroru”, “Vandalizm” başlıqlı guşələrdə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, müxtəlif ölkələrdə həyata keçirdikləri terror aktları, erməni terror təşkilatlarının fəaliyyəti, XX əsrin 90-cı illərində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş soyqırımı və vandalizm aktları arxiv sənədlərində, fotoşəkillərdə öz əksini tapmışdır.
Sonra 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Ermənilərin Azərbaycan ərazisinə köçürülməsi: azərbaycanlıların soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.