NAXÇIVAN ŞƏHƏRİNDƏKİ 14 NÖMRƏLİ ORTA MƏKTƏB MÜASİRLİYİ İLƏ SEÇİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Naxçıvan şəhərindəki 14 nömrəli orta məktəb binasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.
Buraya toplaşanlar - sakinlər, müəllimlər və məktəblilər Prezident İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladılar.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdikdən sonra bu təhsil ocağı ilə yaxından tanış oldu. Prezidentə məlumat verildi ki, 1404 şagird yerlik bu məktəb son 10 ildə muxtar respublikada əsaslı təmir olunan və yeni tikilən 130-cu təhsil ocağıdır. Dördmərtəbəli binada 78 sinif otağı var və hazırda 830 şagird təhsil alır. Bu il məktəbin 76 məzunundan 34-ü müxtəlif ali məktəblərə qəbul olunmuşdur.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, laboratoriyalara, internetə qoşulmuş kompyuter siniflərinə, yeməkxanaya, kitabxanaya və idman salonuna baxdı, yaradılan şəraitlə maraqlandı.