Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib





Naxçıvan, 17 iyun, AZƏRTAC
İyunun 17-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda birgünlük təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimi Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov keçib. 120 nəfərə yaxın iştirakçının qatıldığı təlimdə prezidentli respublika modelinə keçidin vahid və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsində oynadığı roldan bəhs olunub. Bildirilib ki, məhz bu sistemli idarəçilik yanaşması milli iqtisadiyyatın sürətli və dayanıqlı inkişafını şərtləndirib.
Təlimdə həmçinin vurğulanıb ki, “Əsrin müqaviləsi” ilə Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyası təmin olunub, ölkənin iqtisadi təhlükəsizliyi gücləndirilib. Neft strategiyasının uğurlu icrası, qeyri-neft sektoruna yönəlik addımlar, xüsusilə də aqrar sahədə aparılan islahatlar uzunmüddətli və dayanıqlı inkişafın təməlini qoyub.
İştirakçılar təlim müddətində dövlət idarəçiliyi sahəsində qazanılan təcrübə, iqtisadi strategiyaların formalaşdırılması və icrası, regional inkişafın prioritet istiqamətləri barədə geniş məlumat əldə ediblər.
Həmçinin iştirakçılarla interaktiv sessiya keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Təlim “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı” çərçivəsində keçirilib.