Nərgiz İsmayılova: Məqsədimiz Şərq Tərəfdaşlığı proqramına üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verməkdir
Tbilisi, 4 aprel, AZƏRTAC
Məqsədimiz Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələr arasında münasibətlərin və əməkdaşlığın inkişafına töhfə verməkdir. Bu məqsədlə ADA Universiteti Tbilisi Dövlət Universiteti ilə birlikdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı çərçivəsində "Davamlılığın gücləndirilməsi - hamı üçün əlçatanlığı təmin edən Şərq Tərəfdaşlığı" adlı seminar təşkil edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma proqramının rəhbəri Nərgiz İsmayılova deyib. Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı proqramı təsis olunanda dünyada və regionda vəziyyət və prioritetlər tam fərqli idi: “Lakin ötən illər ərzində müəyyən dəyişikliklər oldu, uğurlar əldə edə bildik. İndi dünyada və regionda baş verənlərin fonunda bu layihənin hansı formada olmağı müzakirə edilməlidir. Bizim ölkələr üçün daha faydalı istiqamətlər və formalar tapılmalıdır. Seminarda bu məsələlər geniş müzakirə olundu”.
Bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulayan N.İsmayılova deyib ki, keçən il Bakıda eyni formatda tədbir təşkil olunmuşdu. Analoji tədbirin bu ilin sonunda və ya 2025-ci ilin əvvəlində Brüseldə keçirilməsi nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi