NİDERLANDIN ROTTERDAM ŞƏHƏRİNDƏKİ BAKI KÜÇƏSİNDƏ PAYTAXTIMIZI TANIDAN BARELYEF AÇILACAQDIR
Bakı, 27 sentyabr (AZƏRTAC). Yaxın vaxtlarda Niderland Krallığının Rotterdam şəhərindəki Bakı küçəsində barelyefin rəsmi açılışı olacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu tədbir Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Azərbqycanın Niderlanddakı səfirliyinin birgə layihəsi olaraq həyata keçiriləcəkdir. Barelyef yerli sakinlərə və şəhərin qonaqlarına Bakını tanıtmaq məqsədi daşıyır. Belə ki, 1950-ci illərdə Bakı nefti ilə dolu tanker ilk dəfə Rotterdam limanına gələndən sonra bu şəhərdəki küçələrdən birinə Bakı adı verilmişdir. Ümumiyyətlə, Avropanın ən böyük liman şəhəri olan Rotterdamdakı ənənələrə və qaydalara görə, dünyanın ən tanınmış neft şəhərlərinin adı buradakı küçələrə verilmişdir.
Bakı küçəsinin artıq yarım əsrdən bəri mövcud olmasına baxmayaraq, rotterdamlılar, hətta bu küçənin sakinləri arasında belə “Bakı” sözünün mənasını, küçənin niyə məhz belə adlandırıldığının səbəbini, tarixçəsini bilənlər azdır. BAK-ın fəxri prezidenti Sahil Qasımov Diasporla İş üzrə Dövlət Komitəsinə bildirmişdir ki, həmin küçədə Bakını təsvir edən, tanıdan barelyefin asılması məhz paytaxtımızı təbliğ etmək məqsədindən irəli gəlir. Biz istəyirik ki, bu küçənin sakinləri, şəhər əhalisi, qonaqlar, turistlər Bakı küçəsinin təkcə adını eşitməklə kifayətlənməsinlər, həm də yeni asılacaq barelyefin vasitəsilə Bakının harada yerləşdiyini, necə bir şəhər olduğunu öyrənsinlər.
BAK və səfirliyimiz bu layihə üzərində 2 ildən çox iş aparmışdır və barelyefin asılmasına rəsmi icazə almaq heç də asan başa gəlməmişdir. Çünki Niderlandda küçələrə barelyef asılması həm ənənə deyil, həm də qanunverilcilik buna müəyyən məhdudiyyətlər yaradır.
S.Qasımov bildirmişdir ki, Bakının tanıtımı bu barelyefin asılması ilə yekunlaşmayacaqdır. Həmin gün Bakı küçəsindəki böyük toplantı salonlarından birində Azərbaycan günü keçiriləcək, ölkəmiz haqqında film göstəriləcək, milli musiqimiz və rəqslərimiz ifa olunacaqdır. Tədbirdə Hollandiya rəsmiləri, Azərbaycandan nümayəndələr, diplomatik korpuslarının təmsilçiləri iştirak edəcəklər. Gələn ildən etibarən isə hər il Bakı küçəsində Azərbaycanı, onun paytaxtını tanıtmaq məqsədilə mədəni-kütləvi təbirlər təşkil ediləcəkdir. S.Qasımov bildirib ki, Azərbaycanın Qaradağ rayonundakı Ələt qəsəbəsində tikilən yeni limanı Hollandiya şirkəti inşa edir. Liman istifadəyə verildikdən sonra Rotterdamdakı Bakı küçəsinin yerləşdiyi rayonla Qaradağ rayonunun qardaşlaşması barədə təşəbbüs də həyata keçiriləcəkdir.