Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT rəhbərliyi ilə toplantısı keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Nyu-York şəhərində BMT-nin Baş katibi Antonio Quterreş və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə “Ümumi gündəliyimiz: Multilateralizmin yenidən işə salınması” mövzusuna həsr olunmuş ikigünlük ali səviyyəli toplantı keçirilib. Toplantı çərçivəsində Mərkəzin üzvləri BMT təşkilatlarının əsas rəhbərləri ilə də görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, görüşdə Antonio Quterreş Nizami Gəncəvi Beynəlxalq Mərkəzin və üzvlərinin davamlı sülhün və təhlükəsizliyin qurulması istiqamətində BMT və BMT Baş katibinin fəaliyyətini dəstəkləməsini yüksək qiymətləndirərək, reallaşdırdığı layihələri vurğulayıb.
Toplantıda müzakirə olunan mövzular sırasında multilateralizmin gücləndirilməsi, süni intellektin tənzimlənməsi ilə bağlı fəaliyyətlər, Ukrayna müharibəsi, Qərbi Balkan və Qafqaz regionları, Qarabağda yenidənqurma layihələri, beynəlxalq sülh və təhlükəsizlik, Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiq edilməsi məsələləri yer alıb.
Bununla yanaşı, toplantıda Mərkəz və BMT arasındakı birgə fəaliyyətin genişləndirilməsi, gələcək layihə və tədbirlər də müzakirə olunub. Mərkəzin hər il həyata keçirdiyi Qlobal Bakı Forumunun BMT-nin və qlobal gündəliyinin və BMT Baş katibinin ən böyük dəstəkçilərindən biri olacağı ilə bağlı danışıqlar aparılıb.
Toplantıda Mərkəzin həmsədri İsmayıl Seragəldin, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Avstriyanın sabiq kansleri Verner Fayman, Çex Respublikasının sabiq Baş naziri Yan Fişer, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Monteneqronun sabiq Baş naziri İqor Luksiç, “ExxsonMobil” şirkətinin sabiq vitse-prezidenti, İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayder, Maltanın sabiq Baş naziri Cozef Muskat, Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçal, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Nizami Gəncəvi BM-nin Baş katibi Rövşən Muradov iştirak ediblər.
Qeyd edək ki, Mərkəzin üzvləri BMT Baş Assambleyasının cari prezidenti Ksaba Körösi və 78-ci prezidenti Dennis Fransis, BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, BMT İnkişaf Proqramının Administratoru Açim Steyner və BMT-nin Qadınlar təşkilatının baş direktoru Sima Sami İskəndər ilə də müzakirələr keçirilib.