MƏDƏNİYYƏT
Novruz bayramı günlərində Qəbələyə gələn yerli və xarici turistlərin sayı xeyli artmışdır
Qəbələ, 28 mart (AZƏRTAC). Əsrarəngiz təbiəti, zəngin fauna və florası ilə fərqlənən Qəbələ rayonu nəinki isti yay fəslində, hətta qış və yaz aylarında da turistləri cəlb edir.
AZƏRTAC xəbər verir ki, Novruz bayramı günlərində istirahət etmək üçün Qəbələyə gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən xeyli çox olmuşdur. Kanatla gəzmək, xizəklə sürüşmək, stend atıcılığı kompleksində hədəfə atəş açmaq, müxtəlif attraksion və əyləncə mərkəzlərindən istifadə etmək, dağa dırmanmaq, at və faytonlarla gəzintiyə çıxmaq, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşmişdir.
Son günlər rayonda əsl bayram həyəcanı yaşanmış, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olmuşdur. Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər təşkil edilmişdir. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olmuşlar.
Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, bayram günlərində Qəbələyə gələn xarici turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Latviya və Ukraynadan olmuşdur. Qəbələyə Bakı, Sumqayıt və Gəncə şəhərlərindən, eləcə də ətraf rayonlardan gələn turistlərin sayında da xeyli artım olmuşdur. Bir həftə ərzində rayonda 3500-ə yaxın yerli və xarici qonaq istirahət etmişdir.
Hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Bu obyektlərdən 18-i beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Turizm obyektlərində gün ərzində 2000 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Xatırladaq ki, 2013-cü ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 45 min 500 nəfər olmuşdur. Onların 31 min 350-sini yerli, 14 min 150 nəfərini isə xarici vətəndaşlar təşkil etmişdir.