O, İLK CIĞIR AÇAN İDİ
Tanınmış yazıçı-publisist Elmira Axundovanın AZƏRTAC-ın xahişi ilə hazırladığı və oxuculara təqdim etdiyimiz bu məqalə “Bakı” qəzetinin yarım əsrlik yubileyinə, onun yaradıcısı və uzun illər baş redaktoru olmuş Nəsir İmanquliyevə həsr edilmişdir.
Əgər məndən soruşsaydılar ki, Nəsir İmanquliyevin şəxsiyyətini və yaradıcılıq kredosunu ən dəqiq və dolğun səciyyələndirən hansı sözdür, cavab verərdim ki, bu, “birinci” sözüdür.
Nəsir İmanquliyev “Döyüşən Krım” qəzetində hərbi publisistikanın ən yaxşı milli nümunələrini yaradan ilk cəbhə müxbirlərindən biridir. Müharibədən sonra o, Azərbaycan Dövlət Universitetinin ilk müəllimlərindən biri və jurnalistika fakültəsinin təməlini qoymuş, Azərbaycan jurnalistikasının əsasları, nəzəriyyəsi və praktikasına dair ilk dərsliklərin və dərs vəsaitlərinin müəllifi, nəhayət, paytaxt sakinlərinin sevimlisi, sovet dövründə ilk “Bakı” və “Baku” axşam qəzetlərinin banisi və əslində əvəzsiz baş redaktoru olmuşdur.
İlk cığır açan olmaq çox çətin, ancaq son dərəcə maraqlıdır. Mən Nəsir müəllimi şəxsən tanımasam da, jurnalist həmkarlarımdan, ədib dostlarımdan onun həyatı boyu öz işinə sonsuz vurğunluğu haqqında çox eşitmişəm.
Mətbuatın senzuranın sərt buxovunda çırpındığı bir vaxtda o, Mətbuatda Dövlət Sirlərinin Qorunması üzrə Baş İdarənin bütün döngə-dalanlarını keçərək qəzetin səhifələrində xeyli cəsarətli tənqidi materiallar verir, mədəniyyət mövzusuna geniş yer ayırır, gənc yazıçı və şairlərin “ədəbi generallar”ın qalın jurnallarda dərc etmək istəmədikləri o dövr üçün novator şeir və nəsr nümunələrini dərc edirdi. Qəzetin öz siması, öz üslubu, öz dəst-xətti var idi. Bəlkə buna görə də bakılılar öz qəzetlərini çox sevirdilər. Xatirimdədir, balaca ikən atam, ya da böyük qardaşım məni köşkdən “Bakı” qəzeti almağa göndərirdilər. Mən isə üz-gözümü turşudurdum, çünki axşam qəzetinin təzə nömrəsinin oxucularından ibarət böyük bir növbədə dayanmalı olacaqdım.
Nəsir müəllim haqqında istedadlı Azərbaycan jurnalistlərinin bütöv bir nəslini yetişdirmiş müəllim kimi də çox danışmaq olar. O, nəzəriyyə ilə təcrübəni bacarıqla uyğunlaşdırırdı. Nümunə üçün heç uzağa getmək lazım deyil. Onun tələbələri “Bakı” qəzetində təcrübə keçir və elə oradaca ştatdankənar müxbirlik edirdilər ki, sonradan maraqlı publisistik yazıların müəllifləri kimi tanınsınlar, qəzet, radio və televiziya redaksiyalarına, informasiya agentliklərinə başçılıq etsinlər (“Bakı” və “Baku” qəzetlərinin baş redaktoru vəzifəsində Nəsir İmanquliyevi əvəz etmiş Ağahüseyn Hüseynov, hazırda müstəqil Azərbaycanın baş informasiya agentliyi - AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, tanınmış telejurnalist Mailə Muradxanlı, yazıçı-publisistlər Yusif Kərimov, Ələkbər Abbasov, habelə müxtəlif vaxtlarda respublikanın çap nəşrlərinə başçılıq etmiş AZƏRTAC-ın keçmiş baş direktoru Şamil Şahməmmədov, AZƏRTAC-ın baş direktorunun müavini Dağbəyi İsmayılov və bir çox başqaları). Bütün bu insanlar Nəsir İmanquliyevin əsas nəsihətini yaxşı yadda saxlamışlar: jurnalist şərəfini və ləyaqətini gənclik illərindən qoru və heç vaxt var-dövlətə satma.
Nəsir müəllim partiya xətti ilə parlaq karyera qazana bilərdi, çünki artıq 50-ci illərin əvvəllərində partiyanın Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini kimi məsuliyyətli vəzifə tuturdu. İndiki gənclər hətta təsəvvür edə bilməzlər ki, bu məsul vəzifə inzibati-komanda sistemi dövründə partiya işçisinin karyerası üçün necə geniş imkanlar yaradırdı. Sonralar Nəsir müəllim özü etiraf edirdi ki, yüksək vəzifə tutsa da, daim jurnalistikaya, xüsusilə sevimli qəzet işinə qəlbən bağlı idi. Buna görə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin gənc rəhbərinə sıfırdan başlamaq və iki dildə gündəlik axşam qəzeti buraxmağa qadir kollektiv formalaşdırmaq təklif olunanda Nəsir müəllim tərəddüd etmədən razılıq verdi.
Qəzetçiliyin nə peşə, nə də ixtisas deyil, istedad, həyat tərzi, qəlbin harayı olduğunu, onu heç bir vəzifəyə və ya imtiyaza dəyişməyin mümkünsüzlüyünü söyləyənlər necə də haqlıdırlar.
Mən qəhrəmanımla tanış deyildim. Ancaq bizim qəlbən nə qədər yaxın olduğumuzu sezir, bioqrafiyalarımızda da oxşarlıq tapıram. Nəsir müəllim kimi mən də bədii tərcümə ilə məşğul olmuşam, hər ikimiz namizədlik dissertasiyası müdafiə etmişik, amma mən filologiya üzrə, 80-ci illərin sonlarında, artıq kifayət qədər kamil vaxtlarımda yenidən jurnalistika ilə fəal məşğul olmağa başlamışam. İndi, Nəsir İmanquliyev ADU-da “Jurnalistikanın əsasları”ndan dərs deməyə başladığı vaxtdan təxminən 50 il sonra mən Bakı Slavyan Universitetində görkəmli sələfimin fikir və nəsihətlərinə əsaslanaraq elə həmin fənndən dərs deyir, onun kimi tələbələrimə təkcə jurnalistikanın əsaslarından deyil, ilk növbədə, peşəmizin etik, mənəvi əsaslarından danışmağa çalışıram.
Nəsir müəllimi yaxından tanıyanlardan kimsə yazmışdır ki, onun şah əsəri Aida xanım İmanquliyeva idi.
Bu gözəl insanı tanımaq xoşbəxtliyi mənə də müyəssər olmuşdur. Aida xanım mənim elmi bioqrafiyamda müsbət rol oynamışdır. Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda namizədlik dissertasiyamın mövzusunu təsdiq etdirmək cəhdlərim boşa çıxırdı. Yaxın dostlarım vasitəsilə Aida xanıma müraciət etdim. Aida xanım ötən əsrin 70-ci illərində respublika Elmlər Akademiyası sistemində artıq yetərincə tanınmış və nüfuzlu şəxsiyyət idi. Məhz Aida xanımın dost köməyi və dəstəyi sayəsində təsdiq etdirdiyim elmi işimi bir neçə ildən sonra uğurla müdafiə etdim. Nahaq yerə demirlər ki, ot kökü üstə bitər.
Tam əminəm ki, ötən əsrin 60-cı, 70-ci illərində və sonralar, onun ailəsi respublika rəhbərinin ailəsi ilə qohum olduğu vaxtlarda da Nəsir İmanquliyevə yüksək vəzifələr təklif olunmuşdu. Ancaq öz övladı qədər sevdiyi işinə-peşəsinə xilaf çıxmadı. Təəssüf ki, bizim senzurasız müstəqil Azərbaycandakı keyfiyyətcə yeni şəraitdə sovet jurnalistikasının nailiyyətlərini qoruyub saxlamalı və inkişaf etdirməli olan nəslimiz bu vəzifənin öhdəsindən layiqincə gəlmədi. Nəsir İmanquliyevin ömrünün 30 ilini bəxş etdiyi qəzet indi bir sıra obyektiv və subyektiv səbəblər üzündən çıxmır. Nəsir müəllimin varisi Ağa Hüseynov “Bakı” və “Baku” qəzetlərinin nəbzinin vurması üçün əlindən gələni edir, bakılıların bu sevimli nəşrini heç olmasa ayda bir dəfə buraxmağa çalışır. Ancaq 30 gündə bir dəfə çıxan qəzet dövri nəşr sayıla bilməz. Nəsir müəllim sağ olsaydı, qəzeti xilas etmək üçün aləmə car çəkərdi. Ancaq biz, mətbuat nümayəndələri, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi ilə məşğul olan adamlar çox laqeydik. Bakılıların yarım əsrlik tarixi olan sevimli qəzetinin yavaş-yavaş tarixdən necə silindiyini sakitcə müşahidə edirik.
Zənnimcə, Bakı Şəhər İcra Hakimiyyəti və paytaxtın digər icra qurumları ciddi surətdə düşünməlidirlər ki, çoxmilyonlu meqapolisin, müstəqil dövlətin paytaxtının həyatını əks etdirən heç bir mətbu orqanı yoxdur. Əminəm ki, “Bakı” və “Baku” qəzetlərinin nəşrinin bərpa edilməsi Bakı ictimaiyyətinin görkəmli Azərbaycan ziyalısı Nəsir İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi işinə ən yaxşı töhfəsi olardı.
Elmira Axundova
Milli Məclisin deputatı, əməkdar jurnalist