Oğuz Peşə Məktəbi işəgötürənlərlə əməkdaşlığı genişləndirir
Bakı, 1 mart, AZƏRTAC
Oğuz Peşə Məktəbində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC), “Panorama”, “LT” və “AFRA” otellərinin nümayəndələri ilə görüş keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə məqsəd işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi, onların istehsalat təcrübəsinin təşkilində iştirakının təmin edilməsi, məzunların məşğulluğunun artırılmasına dəstək vermək olub.
İşəgötürənlər peşə məktəbinin tədris prosesi və maddi-texniki bazası ilə tanış olub, pedaqoji heyətə və tələbələrə öz fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Onlar peşə təhsili müəssisələri ilə mütəmadi görüşlərin təşkilini müsbət addım kimi qiymətləndirərək kənd təsərrüfatı, turizm, xidmət sektorları üzrə bacarıqların iş yerində öyrənilməsinin məzunların məşğulluğunun təmin edilməsində vacib rol oynadığını vurğulayıblar.
“Panorama” və “LT” otellərinin müvafiq peşələr ürzə kadr hazırlığına dair sifarişləri peşə məktəbinə təqdim edilib. “Aqrolizinq” ASC-nin Oğuz regional bölməsi “Panorama”, “LT”, “AFRA” otelləri ilə əməkdaşlıq memorandumu, “AFRA” oteli ilə istehsalat təcrübəsinin təşkili üzrə müqavilə imzalayıb.