Oğuzda Ulu Öndərə həsr olunan bilik yarışının qalibləri müəyyənləşib
Oğuz, 5 may, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Oğuz rayonunda məktəb komandaları arasında keçirilən bilik yarışına yekun vurulub. Oğuz rayon Heydər Əliyev Mərkəzinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışın final mərhələsində 10 komanda biliklərini nümayiş etdirib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra yarışa start verilib. Komandaların hər birinin tərkibinə 5 məktəbli daxil edilib. Yarış iştirakçılarına təqdim olunan suallar Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı olub.
Yekun nəticələrə əsasən, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin “Azad Qarabağ” komandası bilik yarışının qalibi adını qazanıb. Tərkeş kənd tam orta məktəbin “Lider” və Bayan kənd tam orta məktəbin “Azərbaycan” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Bilik yarışının qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.