Ölkəmiz 32-ci Doha Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Bakı, 16 iyun, AZƏRTAC
Qətərdə “Oxumaqla yüksəlirik” şüarı altında 32-ci Doha Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. Qətərdəki səfirliyimiz üçün ayrılmış milli stenddə Azərbaycan, ərəb, ingilis dillərində kitablar yer alıb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, iyunun 21-dək davam edəcək sərgidə Azərbaycan, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Yəmən, İordaniya, Liviya, Tunis, Əlcəzair, Misir, Mərakeş, Fələstin, Qazaxıstan, Türkiyə, Livan, Suriya, İran, Rusiya, Yaponiya, Koreya Respublikası, İndoneziya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, ABŞ və Fransadan mədəniyyət nazirlikləri, milli kitabxanaların nümayəndələri və Qətərdə akkreditə olmuş bəzi xarici ölkə səfirlikləri iştirak edirlər.
2023-cü ilin ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyinin qeyd edilməsi çərçivəsində səfirliyin stendində yer alan kitabların əksəriyyətini Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə həsr edilmiş əsərlər təşkil edir. Burada ziyarətçilərə Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti, Azərbaycana rəhbərliyi dövrünü əhatə edən ərəb, ingilis, rus dillərində kitablar təqdim olunur.
Səfirliyimizin stendinin digər bir guşəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabına ayrılıb. Qeyd edək ki “Dünya yuxutək əriyir…” kitabının dizaynında Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərindən nümunələr əks olunub.
Eyni zamanda, stenddə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən, Xocalı soyqırımından, işğaldan azad edilmiş torpaqlarda erməni vandalizmindən və Azərbaycan həqiqətlərindən bəhs edən kitablar mövcuddur.
Həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, yazıçı və şairləri, musiqi və sənətçiləri haqqında ingilis və ərəb dillərində nəşr olunmuş kitablar, dövlət atributları, milli suvenirlər də stendimizdə yer alıb.
Bundan əlavə, dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında ərəb dilində nəşr olunmuş kitab və N.Gəncəvinin “Xəmsə”si ziyarətçilərə təqdim olunub. Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar hədiyyə olunur.