Ölkəmizdə fəaliyyət göstərən folklor kollektivlərinin fəaliyyətinə dair müzakirələr aparılıb
Bakı, 12 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə birgə iyunun 12-də ölkəmizdəki folklor kollektivlərinin fəaliyyətinə dair seminar keçirib.
AZƏRTAC xəbər verir ki, AMEA-da keçirilən seminarda mərkəzin direktoru Asif Usubəliyev folklorun cəmiyyətdə rolundan danışıb, mövzunun aktuallığını qeyd edib. Bildirilib ki, tədbir milli dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədlərinə xidmət edir. Əsas hədəf bu kollektivlərin bir-biri ilə ünsiyyət qurmasına şərait yaratmaqdır.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Folklor kollektivləri: problemlər, mülahizələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bu seminar folklorşünasların da elmi tədqiqatları üçün mühüm vasitədir. M.İmanov alimlərin regionlarda folklor kollektivlərinə istiqamət vermələrinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, tədbir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Folklor İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilir. Birgə əməkdaşlıq çərçivəsində bu günə qədər “Qarabağ əfsanələri”, “Qarabağ mifləri”, “Qarabağ lətifələri” və s. təbliğat xarakterli çap məhsullarının geniş təqdimat mərasimləri təşkil edilib.
Seminarda Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Füzuli Bayatın ”Cənub bölgəsində “Halay” folklor qrupu”, həmin institutun şöbə müdiri, professor Nailə Rəhimbəylinin “Azərbaycan folklor kollektivlərinin repertuar məsələləri”, Bakı Musiqi Akademiyasının baş müəllimi Ariz Abduləliyevin “Folklor irsinin yaranmasında bədii kollektivlərin rolu”, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın “Azərbaycanda azsaylı xalqların folklor kollektivlərinin mövcud problemləri”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Folklor kollektivlərinin inkişafında ekspedisiyaların rolu” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə Lənkəran rayonunun “Nənələr” folklor kollektivinin rəhbəri Fərhad Məmmədov, Qusarın “Dideyar” folklor qrupunun rəhbəri Faiq Qardaşov və Şabran rayonunun Dağbilici kəndinin “Xınayaxdı” folklor kollektivinin rəhbəri Bayram Ağasıyev iştirak ediblər.