Ölkəmizdə reabilitasiya tədbirlərinə cəlb olunan ukraynalı uşaqlar İsmayıllıda olublar
İsmayıllı, 7 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların İsmayıllı rayonuna səfəri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar İsmayıllı rayonunun Basqal qəsəbəsi ilə tanışlıq çərçivəsində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları ukraynalı uşaqları XVII əsrə aid Basqal hamam muzeyi, 300 ildən çox yaşı olan tarixi Pir çinarı, XVII əsrə aid Şeyx Məhəmməd məscidi və İtaliya qəhrəmanı, partizan Məmməd Bağırovun tarixi evi, eyni zamanda Basqalın məşhur bulaqları ilə tanış ediblər.
Ukraynalı uşaqlar Basqalın tarixi yerləri ilə tanışlığa, eyni zamanda Azərbaycanda olduqlarına və sakinlərin qonaqpərvərliyinə görə məmnunluqlarını ifadə ediblər.
Tarixi irsimizlə tanışlığın davamı olaraq ukraynalı uşaqların Qəbələ, Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur.
Uşaqlara, eləcə də art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçiriləcək. Düşərgə iştirakçıları, həmçinin meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, ustad dərslərinə cəlb ediləcəklər.
14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.