ÖLKƏMİZİN QIRĞIZISTANDAKI SƏFİRLİYİ AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRMİŞDİR
Bişkek, 1 aprel (AZƏRTAC). Ölkəmizin Qırğızıstandakı səfirliyi Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirmişdir. Tədbirdə paytaxtdakı diasporumuzun üzvləri, azərbaycanlı tələbələr, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı vəhşiliklər və cinayətlər barədə geniş məlumat vermiş, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə hüquqi-siyasi qiymətin verildiyini diqqətə çatdırmışdır. Səfir ermənilərin Türkiyəyə qarşı qaldırdıqları soyqırımı iddiasının tamamilə yalan və əsassız olduğunu da bildirmişdir.
Sonra səfir xalq şairi Zəlimxan Yaqubun Azərbaycandan Orta Asiyaya sürgün olunmuş və repressiyaya məruz qalmış soydaşlarımıza həsr etdiyi, Almatıda Azərbaycan dilində çap olunmuş “Sürgün” kitabı haqqında məlumat vermişdir. Kitab iştirakçılara paylanmışdır.
Səfirliyin müşaviri İlqar Cabbarov, “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Alaferdov, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, “Türkel” qəzetinin redaktoru Ramiz Məşədihəsənli, Almatıda çap edilən “Vətən” qəzetinin redaktoru Hökumə Xəlilova, professor Akif Rəfibəyli, iş adamı Qiyas Xəlilov və başqaları 1918-ci ilin mart qırğınlarının səbəb və nəticələri barədə ətraflı məlumat vermiş, xalqımızın xilas edilməsində türk qardaşlarımızın köməyindən danışmışlar.
Sonda şəhidlərin ruhuna dua oxunmuş, ehsan verilmişdir.
Səfirlik tərəfindən hazırlanmış məlumatlar toplusu Qırğızıstan parlamentinə, Xarici İşlər Nazirliyinə, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek