ÖLKƏMİZİN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ YENİ DƏRS İLİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də ölkəmizin bütün təhsil müəssisələrində yeni dərs ili başlanmışdır.
2008-2009-cu tədris ilində Təhsil Nazirliyi sistemində gündüz ümumtəhsil məktəblərinin I siniflərində 122 min 546 şagird təhsil alacaqdır. Onlardan 58 min 117 nəfəri qız, 64 min 429 nəfəri isə oğlandır. Bu ildən I siniflərdə kurrikulumun tətbiqinə başlanacaqdır.
Ümumiyyətlə isə, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 milyon 700 min nəfərdən çox olacaqdır. 130 minədək tələbə ali məktəblərdə təhsil alacaqdır. Bu il 26 min 500-dən çox gənc ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Ölkəmizdə təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərilir. 2008-ci ildə ayrı-ayrı şəhər və rayonlarımızda 300-dək yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Təhsil müəssisələrinin maddi-texniki bazaları daha da möhkəmləndirilmiş, onlar müasir avadanlıqla təchiz edilmişdir.
Şagirdlərə pulsuz dərsliklər, birincilərə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çantalar və dərs ləvazimatları hədiyyə olunmuşdur.
Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) çərçivəsində 200 məktəbin genişzolaqlı sürətli internetlə təmin olunması, DATA mərkəzinin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması da nəzərdə tutulmuşdur.