ORİJİNAL DÜŞÜNCƏLİ YAZIÇININ YUBİLEYİ QEYD OLUNMUŞDUR
Bakı, 5 iyun (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli yazıçı-dramaturq Natiq Rəsulzadənin 60 illik yubileyi keçirilmişdir.
AYB-in sədri, xalq yazıçısı Anar, qurumun katibi, xalq yazıçısı Çingiz Abdullayev və başqaları N.Rəsulzadənin son iki kitabı - “Tələ” və “Adacıq” nəşrlərini müasir Azərbaycan nəsrinin ən istedadlı və orijinal düşüncəli nümayəndələrindən birinin yaradıcılıq axtarışları kimi qiymətləndirmişlər.
Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova Natiq Rəsulzadəni orijinal düşüncəli, istedadlı yazıçı adlandırmışdır. Onun “Sevgi ili” povestində, “Çeburaşka”, “Tələ”, “Oğru”, “Pəncərə” kimi hekayələrində fantastika elementləri, absurd, qeyri-adi şəraitlərdə sənətkar təxəyyülü ilə gerçək hadisələri canlandırmaq bacarığını xüsusi qeyd etmişdir. Ədibin yaradıcılığının qeyri-adi xüsusiyyətlərindən, ən xırda detalları belə özünəməxsus şəkildə qabartmaq bacarığından danışmışdır.
40 illik fəaliyyəti dövründə daha çox xarici ölkə mətbuatında dərc olunan və əks-səda doğuran N.Rəsulzadənin bir yaradıcı insan kimi əməyi həmişə yüksək qiymətləndirilmişdir.
Bildirilmişdir ki, Natiq Rəsulzadə ədəbi mühitdə fəal iştirakına görə ölkə Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tədbirin sonunda N.Rəsulzadə qələm dostlarına və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.