Ötən il Avstriyada turizm sahəsində rekord göstəricilərə nail olunmuşdur
Vyana, 30 yanvar (AZƏRTAC). Avstriyanın turizm iqtisadiyyatı 2013-cü ili ölkə tarixində ən yüksək göstəricilərlə başa vurmuşdur.
Avstriya Statistika İdarəsinin yaydığı illik hesabata əsasən, ötən il ərzində ölkədəki otellərdə rekord səviyyədə - 132,6 milyon gecələmə qeydə alınmışdır. Bu, 2012-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə 1,59 milyon nəfər (1,2 faiz) artım deməkdir.
Statistik məlumatlara əsasən, ötən il Avstriyaya turist kimi gələnlərin sayı 36,8 milyon nəfər olmuş, onların böyük əksəriyyəti qonşu dövlətlərdən (Almaniya, İtaliya) dincəlmək üçün bu ölkəyə səfər etmişdir. İl ərzində 50,8 milyon gecələmə ilə birinciliyi əldə saxlayan almanlar, eyni zamanda, Avstriyanın istirahət mərkəzlərində ən çox pul xərcləyən turistlər kimi də sevilirlər. Gecələmə sayına görə sonrakı yerlərdə Niderland, İsveçrə, İtaliya, Böyük Britaniya, Belçika, Rusiya dayanırlar.
2012-ci ilin göstəricilərinə əsasən, Avstriyanın turizm müəssisələri və beynəlxalq sərnişin daşımalarını həyata keçirən şirkətlərin turizm sektorunda ümumi dövriyyəsi 22,3 milyard avroya bərabər olmuşdur. Ötən ilin nəticələrinə əsasən, bu rəqəmin yüksək olacağı proqnozlaşdırılır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana